ORDUBAD

Menyu
Login

Paylaş
Axtarış
Chat
Tags
Ordubad Rayonu Elcibey kotam kendi yüklə indir yukle naxcivan Endemic Ordubadda Novruz Novruz Bayrami pezmeri pezmeri selalesi kotam ordubad Ordubad meyveleri ordubad cəvizi Ordubad limonu ordubad xani ordubad keleki Ordubad lalelik
Kalendar
«  Mart 2014  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Ana səhifə » 2014 » Mart » 20 » Ordubadda Novruz bayramı
Ordubadda Novruz bayramı
01:31

Novruz yeni gün, yeni il bayramı olduğuna görə onu təntənə ilə qeyd etmək üçün hazırlıq tədbirləri sırasında təmizlik (təzələnmək) işləri xüsusi yer tutur. Tədqiqatçı H.Aslanlının sözləri ilə desək, Ordubadda "hələ Novruz bayramına bir ay qalmış evlərdə qapılar, pəncərələr, otaqların yeri, tavanı, divarları, şüşəbəndlər, eyvanlar və s. süpürülər, silinər, yuyular, tozdan-çirkdən təmizlənərdi. Həyətlər, bağçalar çalğı ilə təmizlənərdi. Xalça-palaz, yorğan-döşək, paltar və s. çırpılar, havaya sərilərdi. Ev-eşik, həyət-baca səliqə-sahmana salınardı".
Novruz bayramında insanların başlıca arzu-diləyi yeni ilin bar-bəhrəli olması, bolluq-bərəkət gətirməsi ilə bağlıdır. Yeni ilin bolluq ili olması inama görə, bayramın bolluq içində keçirilməsindən də asılıdır. Odur ki, Novruza hazırlıq tədbirləri sırasında ordubadlılar azuqə tədarükünə xüsusi diqqət yetirərdilər: "Bayram üçün azuqə - yarma, əriştə, ət (və ya qovurma), yağ, yumurta, düyü, doşab, qənd, şəkər, bal, şirniyyat, quru meyvə, çərəz və s. tədarük olunardı. Bayram üçün təzə paltarlar, hədiyyələr, ev əşyaları alınardı.
Bayrama iki həftə qalmış səməni cücərdərdilər... Novruz bayramına on gün - bir həftə qalmış "bayram çörəyi" yapardılar. Bayram ərəfəsində isə "bayram çöçəsi", "cəvizli çöçə", kətə, yağlı kətə, yağlı dastana (fəsəli) və s. bişirilərdi".
Ata-baba kultu ilə bağlı adətlərin ən başlıcası Ordubadda "qəbir üstünə getmə" adətidir. Bu adətə görə, Axır çərşənbədən əvvəlki cümə axşamı (yaxud da cümə günü) əvvəl qadınlar, sonra isə kişilər dəstə ilə qəbiristanlığa gedib, qəbirləri ziyarət edir və dualar oxuyurlar. Qadınlar qəbir üstünə gedəndə adətən özləri ilə şirniyyat da götürüb camaata paylayırlar. Qəbir üstünə gedilən gün yeməklərin bişirilməsi, halva çalınması vacib tədbirlərdən biridir.
Bişirilən yeməklər həm qonum-qonşuya (xüsusən də kasıb ailələrə) paylanır, həm də yemək bişirilən evdə ehsan kimi yeyilir. İli çıxmayan ölülərə həmin gün Qara bayram keçirilir. Ölü sahibi qonum-qonşuya, qohum-əqrəbaya xəbər göndərib öz evində xüsusi ehsan mərasimi təşkil edir.
Bayramaqədərki günlər arasında ən təmtəraqlı keçirilən gün Axır çərşənbədir. "İlin axırıncı çərşənbə axşamı yaxşı yeməklər bişirərdilər. Axır çərşənbə axşamında damlarda tonqallar qalayardılar. Bu tonqallar iri olmazdı. Ancaq hər evin damında tonqal qalanardı. Tonqalın üstündən tullanardılar və "ağırlığım-uğurluğum bu odda yansın" - deyərdilər. Axır çərşənbənin səhəri sübh tezdən gedib çaylarda, arxlarda, bulaqlarda əl-üzlərini, ayaqlarını yuyardılar, su üstündən keçərdilər.
İl təhvil olan gün və ondan sonrakı iki gün bayram olardı. Bu günlərdə evlərdə yaxşı xörəklər - müxtəlif növ plovlar, qovurma və başqa ət xörəkləri, adi halva, cəvizli halva, bal halvası və s. bişirərdilər. Kürsünün (yemək masasının) və xalça-palazın üstündə zəngin süfrələr açardılar. Müxtəlif növ halvalar, çöçələr, kətələr və başqa bişintilər, rəngli yumurtalar, şirniyyat, tut qurusu, ərik qaxı, cəviz, iydə, meviz, sucuq, bastıx, alana süfrədən əskik olmazdı.
Bayramın birinci günündən başlayaraq hamı bir-birinə "bayramın mübarək olsun, neçə belə bayramlara çıxasan", "sənin də bayramın mübarək olsun, sən də neçə belə bayramlara çıxasan" deyərdi. Oğlan uşaqları qapı-qapı gəzib hər bir ailəyə "bayramınız mübarək" deyərdilər və əvəzində, demək olar ki, hər ailədən bayram payı, rənglənmiş yumurta alardılar. Yeniyetmə oğlanlar isə evlərin damlarına çıxıb bacalardan torba sallayardılar. Onların torbalarına yumurtadan əlavə şirniyyat, çərəz və s. qoyulardı.
Bəzi qız uşaqları da yaxın qonşulara və qohumlara gedib onları bayram münasibətilə təbrik edərdilər və əvəzində bayrampayı alardılar. Çox vaxt yeniyetmə gənclər, eyni zamanda, kişilər və qadınlar isə başqa ailələrdə yaşayan özlərindən böyük bacıların, qardaşların, valideynlərin, xalaların, bibilərin, əmilərin, dayıların, nəsil və tayfa ağsaqqallarının, ağbirçəklərin görüşünə gedərdilər və onlara bayrampayı, bəxşiş verərdilər. Bəxşişlər adətən çox bahalı olmazdı, bir növ diqqət və hörmət əlaməti olaraq simvolik səciyyə daşıyardı.
Novruz bayramında nişanlı qızı yaddan çıxarmazdılar. Mütləq onun görüşünə gedərdilər. Ona hədiyyə aparardılar. Bunu nişanlı oğlanla bərabər onun anası, böyük bacısı, xalası və başqaları edərdi.
Bayram axşamları qızlar, gəlinlər, qadınlar qulaq falına çıxardılar. Qohumların, qonşuların danışıqlarına xəlvəti qulaq asıb eşitdiklərini yozardılar. Ona görə də bayram günlərində, xüsusilə də axşamlar xoşagəlməz hadisələr haqqında danışmazdılar, kədərli söhbətləri yada salmazdılar, şən əhval-ruhiyyədə olardılar, xoş sözlər danışardılar.
Novruz bayramında küsülülər barışardı və ya onları barışdırardılar. Cavan kişilər yarışa girib at çapardılar, qurşaq tutub güləşərdilər, yallı gedərdilər. Ən çox da yumurta döyüşdürərdilər və müxtəlif yumurta oyunları oynayardılar. Yumurta döyüşdürmə bir neçə cür olardı. Tək-tək döyüşdürəndə bəzən dişə vurub yumurtanın bərkliyini-boşluğunu yoxlardılar. Buna "dadışmaq" deyərdilər. Sonra kimin yumurtanı əlində və necə saxlayacağını, kimin isə üstdən və necə vuracağını razılaşardılar. Kimin yumurtası qırılardısa, o, uduzmuş olurdu və sınıq yumurtanı udana (qalib gələnə) verirdi. Başqa bir halda dörd-beş nəfər yumurtaları bir uşağın ətəyinə qoyardı. Yumurtalar qarışardı. Bəxtəbəxt hərə bir yumurta götürüb döyüşdürərdi.
Kim əlindəki yumurta ilə digər yumurtaları çox qırardısa, o, qalib idi. Buna "ətəyə atmaq" deyərdilər. Yumurta çox olduqda onları sıra ilə düzərdilər və bir tərəfdən götürüb döyüşdürərdilər. Axırıncı yumurtanı sındıran sıradakı yumurtaların hamısını udmuş olurdu. Buna "qatara qoymaq" deyərdilər. Üç sınıq yumurtanı adətən bir bütöv yumurtaya dəyişdirərdilər. "Hol qoymaq" da maraqlı yumurta oyunu idi. Nisbətən maili yer seçirdilər, yumurtaları sıra ilə düzüb qabağına çöp qoyurdular. Çöpü götürdükdə yumurtalar dığırlanırdı.
Kimin yumurtası daha uzağa dığırlansaydı, o, qalib sayılırdı və sıradakı yumurtaların hamısını udmuş olurdu. Biləvdə (o cümlədən Ordubadın bir cox başqa kəndlərində) "dığırlanmaq" əvəzinə "hollanmaq" sözü daha çox işlədilir, ona görə də belə yumurta oyununa "hol qoymaq" deyərdilər. Bunlardan başqa yumurtanı nişan edib uzaqdan daşlamaq oyunu da vardı. Əgər kimsə uzaqdan - təxminən 10-12 metr məsafədən on dəfə daş atıb nişan qoyulan yumurtanı vura bilməsəydi, bir yumurta uduzmuş olurdu. Buna nişan qoymaq deyərdilər".
Novruz bayramında Ordubadda keçirilən ən maraqlı oyunlardan biri də tədqiqatçıların yazdığı kimi, "Xan bəzəmə"dir. Həmin bölgədən yazıya alınmış bir variantda "Xan bəzəmə" oyunu belə təsvir edilir:
"Yeddiləvin günü sübh tezdən hamı böyük meydana yığışır. Şənlik başlanır. Cəngi çalınır, zorxana qurulur... Pəhləvanlar güləşib qurtarandan sonra zorxana yığışdırılır... Meydana Kosa çıxır...
Bundan ("Kosa-kosa" tamaşasından) sonra ağsaqqallardan biri meydana yığılanlara üz tutub deyir:
- Camaat, bu gün bir xan seçməliyik. Xan gərək qaşqabaqlı, sözü ötkəm adam olsun. Ona bir vəzir, bir vəkil, üç fərraş, bir də cəllad seçib verin.
Adamlar yer-yerdən deyirlər:
- Xanımız olsun başmaqçı Mərdan.
Xanı təmtəraqla meydanın yuxarı başında qurulmuş taxtda oturdurlar. Vəzir-vəkil də gəlib taxtın sağ-solunda əyləşir. Yaraqlı-yasaqlı fərraşlar xanın hüzurunda əmrə müntəzir dayanırlar. Cəllad qırmızı libas geyib, əlində balta meydanın aşağı başında gözləyir.
Xan gözlənilməz əmrlər verir, adamları da onun buyruqlarını can-başla yerinə yetirirlər. Kosa ilə təlxək də tez-tez meydana girib xanı güldürməyə çalışır. Minbir hoqqadan sonra xanı güldürüb taxtdan yendirirlər, aparıb suya basırlar".
Bu xalq oyunu müxtəlif ölkələrdə qeydə alınan yalançı hökmdar mərasimi ilə səsləşir. Yalançı hökmdar mərasimi kimi "Xan bəzəmə" də ilin xüsusi günündə keçirilir. Mətndə "yeddiləvin günü" adlandırılan həmin gün bayram günüdür, köhnə ilin tamam olub, yeni ilin başlandığı bir vaxtdır.
Ə.Şamilov tərəfindən yazıya alınmış başqa bir variantdan da gördüyümüz kimi, "Xan bəzəmə"də yalançı xanın gülməsinə yasaq qoyulur. Yuxarıda misal çəkdiyimiz mətndə xan seçiləcək adamın "qaşqabaqlı, sözü ötkəm" olmasına xüsusi işarə edilməsi məhz yasağa münasib əlamətlərin sadalanması deməkdir.
Xanın gülməməsi, çox güman ki, ciddi olmağın, özünü əsl hökm sahibi kimi apara bilməyin işarəsidir. Çal-çağırın, məzəli oyunların, gülməcələrin, atmacaların müqabilində yalançı xanın böyük bir ciddiyyətlə öz vəzifəsini icra etməsi müxtəlif ölkələrdə qeydə alınmış yalançı hökmdar mərasimində beşgünlük hökmdarın həqiqi hökmdar səlahiyyətlərini mənimsəməsini yada salır və aydın olur ki, "Xan bəzəmə" oyunu Novruzda keçirilən bir çox başqa oyunlar kimi, arxaik mifoloji görüşlərdən xəbər verir.
Həm bayramqabağı, həm də Novruz bayramı günlərində bu ənənələrin bir çoxu rayonda indi də icra olunur.

Muxtar KAZIMOĞLU,
filologiya üzrə elmlər doktoru, professor

Mənbə: http://www.azerbaijan-news.az/index.php?mod=3&id=35680
Baxış: 4764 | Tərəfindən əlavə olundu: ordubad | Təsnifat: 4.0/1 |
Ümumi şərhlər: 0
Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Facebook
 
Sorğu
Ordubadın harasındansız?
Total of answers: 2026
Dost saytlar

Ordubad Rayonu

Iqtisad Universiteti

Sayğac

Copyright Ordubad © 2024
Make a free website with uCoz