Naxçıvanın dadı damaqdan getməyən meyvələri - ORDUBAD RAYONU

ORDUBAD

Menyu
Login

Axtarış
Tags
Download yüklə keleki indir Elcibey kotam kendi kotam ordubad Ordubad Rayonu Endemic Ordubadda Novruz pezmeri naxcivan gilancay pezmeri selalesi ordubad xani Ordubad meyveleri Ordubad limonu Novruz Bayrami ordubad Ordubad lalelik
Facebook
Kalendar
«  Sentyabr 2012  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Ana səhifə » 2012 » Sentyabr » 9 » Naxçıvanın dadı damaqdan getməyən meyvələri
Naxçıvanın dadı damaqdan getməyən meyvələri
15:20

Naxçıvan meyvələri ilə bağlı material hazırlamaq tapşırığını alanda, xeyli duruxdum. Naxçıvanın 8 rayonu bir tərəfə, təkcə Ordubad meyvələri haqqında Övliya Çələbinin yazıb ,bitirə bilmədiyi mövzuya girişmək məsuliyyətli və zaman tələb edən bir işdir. Naxçıvanın barlı-bəhərli bağlarında yetişən növbənöv meyvələr haqqında, sadəcə bir yazıda oxucuya dolğun məlumat çatdırmaq mümkün deyil. Amma bu silsilədən olan ilk yazını sizə təqdim etməyi qərara aldıq.

Beləliklə, "Meyvəli” rubrikasının bu dəfəki yazısı Naxçıvan meyvələri ilə bağlıdır.

Naxçıvana bəzən "kiçik vətən” də deyirlər. Əsrarəngiz gözəllikləri ilə çoxlarını heyran edən "Nəqşi-Cahan” (Dünyanın bəzəyi) isimli bu torpaqda, göy qübbəsi yerə elə yaxındır ki, sanki əlini uzatsan, buludlara dəyəcək. Yerli əhali bunu, Tanrıya yaxınlıqla əlaqələndirir.

Bu torpaqda nələr yetişmir ki? Alma, armud, qoz, fındıq, badam, üzüm, nar, alça , adlarını çəkmədiyimiz neçə-neçə meyvə və tərəvəz növləri...və ən əsası Naxçıvandan başqa, heç yerdə bitməyən göycə. Orta əsr tarixçiləri bu diyarı "meyvə cənnəti” adlandırırdı.

5-i 1 manata yox, 1-i 5 manata...

Ordubaddan danışarkən, yada düşən ilk meyvə limondur. Doğrudur, limon deyəndə əksər hallarda subtropik zona – Lənkəran və Astara xatırlanır. Ordubadda, bu barədə kimdən soruşsanız, maraqlı bir cavabla qarşılaşacaqsınız:

"Bazarda Lənkəran limonunun beşini bir manata, Ordubad limonunun isə, birini beş manata ala bilərsən.”

Nədən Ordubad limonu belə bahalıdır? Çünki incə qabıqlıdır, ləzzətli və fərqli ətrə malikdir. Hətta, bəzən bu limonu qabığını soymadan yeyirlər. İşin sirli məqamı burasındadır ki, sitrus meyvəsi sayılan limonu quru – sərt kontinental iqlimi olan yerdə necə yetişdirirlər? Yaxşı becərildikdə, bir ağacdan il ərzində 220-250 ədəd limon götürmək olur. Bu şərtlə ki, gərək aqrotexniki tədbirləri vaxtında həyata keçirəsən. Məsələn, yay mövsümündə dibçəklərdə beçərilən ağaclara gündə iki dəfə su verilməlidir. Səhər tezdən gün çıxmamış və axşam gün batandan sonra. Bitkiləri üzvi və mineral gübrələrlə qidalandırmağın da norması var. Əks halda, yüksək məhsuldarlıqdan danışmaq əbəsdir. Yaxşı yetişdirilən bir Ordubad limonunun çəkisi 400-450 qrama çatır.

Mütəxəssislərin fikirincə, indiyədək tibb elminə 500-dən çox virus məlum olub ki, onların 45-nə, limonun məhvedici təsir gücü var. O cümlədən, xərcəng virusuna qarşı. Bu səbəbdən də, limon şirəsi virusa qarşı mübarizədə ən yaxşı vasitə hesab olunur. Ondan ateroskleroz, hipertoniya, böyrək, mədə-bağırsaq, ürək-damar, qaraciyər və sair xəstəliklərin müalicəsində də səmərəli istifadə edilir. Bir vaxtlar əfsanəvi hindli yoqlar da sağlamlığın qorunmasında limonu universal vasitə saymışlar.


Canını çox istəyənlər üzüm yesin...

Üzüm çox faydalı və qiymətli bitkidir. Ona görə də, dünyanın bir sıra ölkələrində qədimdən zamanlardan becərilir. Təsadüfi deyil ki, arxeoloji tədqiqatlar zamanı tarixin ən qədim dövrlərinə aid bir çox məzarlardan və yaşayış məskənlərindən üzüm toxumları tapılmışdır. Üzümdən hazırlanan kişmiş, şərbət, və doşab çox faydalıdır. Müəyyən edilmişdir ki, üzüm şirəsində bir sıra müalicəvi əhəmiyyətli xeyli maddə var. Bunlara qlükoza, fruktoza, saxaroza, dəmir duzları, kalium-permanqanat, "C” və "B” qrupu vitaminləri, karotin və pektin maddələri daxildir. Üzüm tənəyinin yarpağı da çox faydalıdır. Onun tərkibində çoxlu miqdarda "C” vitamini, karotin, aşı maddəsi, üzvi turşular və s. vardır.

Üzüm şirəsi ürək-qan-damar sistemi xəstəliklərində, tənəffüs yolları iltihabında, mədə-bağırsaq, qaraciyər, öd yolları və böyrək xəstəliklərinin müalicəsində xüsusi əhəmiyyətə malikdir.
Üzümdən hazırlanan bəkməz (doşab) qanazlığında, ümumi halsızlıqda olduqca faydalı, qüvvətverici vasitədir. Üzüm qorasından hazırlanan "abqora" isə susuzluğun qarşısını almaqla yanaşı, qan azlığından zərər çəkən xəstənin sağalmasına müsbət təsir edir


Yalnız Naxçıvanda bitən meyvə...
Göycə, naxçıvanlılar üçün Əlincə qalası qədər doğmadır. Siz bu meyvəni gördüyünüz an onu alça adlandıracaqsınız. Bunun qarşılığında isə əsl naxçıvanlı sizə, onun alça ilə fərqli cəhətlərini sayacaq. Naxçıvanda elə insanlar var ki, onlar ayrı-ayrı kəndlərdə bitən göycəni dadına və əlamətinə görə fərqləndirə bilirlər. Bəzilərinə görə, göycənin ən yaxşısı "Xıncab”da, bir çoxlarının fikrincə "Şahab”da, digərlərinin iddiasına görə isə, "Qurdlar məhəlləsi”ndə yetişir.

Naxçıvan göycəsi kəm-turş dada malik, orta böyüklükdə meyvədir. Bu meyvə o qədər sulu olur ki, 10 gün müddətinə yığılmadıqda ağacda partlayır, şirəsi axır. Göycə ağacının qələmi başqa yerdə əkilərsə, onun məhsulu xələfindən fərqli olaraq dadsız olur.

Naxçıvan göycəsi insan orqanizmi üçün xeyirlidir. Təbiblərin fikrincə, kirəcləşmiş damarların açılmasında göyçə xüsusi əhəmiyyət daşıyır. Qəribədir ki, "Naxçıvan göycəsi”nin də bir çox populyasiyaları var: Sulu-şirəli, iri göyçələr Şıxmahmud, Zeynəddin, Bənəniyar, Xalxal, Şahtaxtı, Dəstə, Nüsnüs, Əndəmic kəndlərinin bərəkətli torpaqlarında bir-birindən fərqli dada malikdir.

Hind və Çin mənbələrində ondan yazırlar...


Şərur isə şaftalısı – yerlilərin dili ilə desək: "Şələlisi” ilə məhşurdur. Şaftalı cana məlhəm olan meyvədir.

Dadlı-şirəli, cana məlhəm olan şaftalını böyük məmnuniyyətlə həzmi-rabedən keçirdiyimiz ən sevimli yay meyvələrindən saymaq olar.

Vətəni Mərkəzi və Şimali Çindir. Azərbaycanda bir neçə sortu yetişdirilir. Bəzi fikirlərə görə, dünyanın ən dadlı şaftalıları Azərbaycanda, Xaçmaz rayonunun Nərəcan kəndində yetişdirilir.

Hindistan əfsanələrinə görə, şaftalı "Sehirli meyvə" olmaqla uzunömürlülük simvoludur. Şaftalı şirəsi ürək ritminin pozulması, qanazlığı, qarın xəstəlikləri zamanı qəbul olunur. Şaftalı şirəsi şlakların orqanizmdən kənarlaşdırılmasına kömək edir. Dərini qidalandırır və onun hüceyrələrinin yeniləşməsinə kömək edir. Cinsi fəallığı artırır.

Şaftalının müxtəlif sortlarının ilk dəfə yetişdirildiyi Çində bu meyvəyə uzunömürlülük və sağlamlıq rəmzi kimi baxırlar. Şaftalı dərimizi qırışlardan qoruyan, ürəyimizi möhkəmləndirən, bədxassəli şişlərin əmələ gəlməsinin qarşısını alan əla antioksidantdır.

Şaftalı sağlam və gümrah olmaq, fəal cinsi həyat sürmək üçün əsl vitamin mənbəyidir: vitamin C orqanizmi virus və infeksiyalardan qoruyur, vitamin A iti görmə qabiliyyəti, gözlərin və selikli qişaların sağlamlığı üçün lazımdır, dəmir dərinin rəngini saflaşdırır, hemoqlobini yüksəldir, kalium ürək əzələlərini və damarların divarlarını möhkəmləndirir.

Şaftalı arıqlamaq üçün də əla vasitədir. Bir şaftalıda cəmi 50 kkal enerji olsa da, uzun müddət toxluq hissi yaradır. Nahardan sonra da, əla desert sayılır.

Şaftalı əhvalı yaxşılaşdırır, yuxusuzluğu, depressiyanı aradan qaldırır. Şaftalı zəngin B qrupu vitaminləri qaynağıdır. Yuxunu normallaşdırır, stressin öhdəsindən gəlməyə kömək edir.

Şaftalının qeyri-adi ətri var. Bu meyvənin iki çeşidi daha çox populyardır: "Ağımtıl” şaftalı daha şirin, "Sarımtıl” şaftalı isə daha ətirli olur.

"Ceviz mürəbbəsi”

Qoz və yaxud, naxçıvanlıların dili ilə desək: "Ceviz”. Naxçıvanda ən dadlı qoz Ordubadda yetişir. Qoz mövsümü sentyabr-oktyabr aylarına düşür. Ordubad qozu sındırılanda parçalanmır və qabığından bütöv halda çıxır. Çox yağlı olmasıyla seçilir.

Ordubadda qonaqsınızsa və geri qayıdarkən yaxınlarınıza hədiyyə aparmaq istəyirsinizsə, ən yaxşı seçim "ceviz mürəbbəsi” və Ordubad sucuğu ola bilər. Burada bişirilən qoz mürəbbəsi, Ordubad süfrələrinin başı sayılır. Mürəbbəni kal qozdan, avqust ayında hazırlayırlar. Qoz mürəbbəsinin hazırlanması 7 – 10 gün çəkir. Əvvəlcə yaşıl qabıqlı, tam dəyməmiş qozun sərt qabığını soyurlar. Dadı çox acı olduğundan, acısı çıxmaq üçün, təmizlənmiş qozu əhəngli suyun içərisində 2 – 3 gün saxlayırlar. Qozun acısı tam keçsin deyə, suyunu bir neçə dəfə dəyişirlər. Bundan sonra, onu bişirmək olar. Bişirərkən, mixək əlavə edirlər. Diqqət etmək lazımdır ki, meyvələr əzilməsin və dənə-dənə qalsın.

Qoz ləpəsindən qida məhsulu kimi, yağından isə mətbəxdə və təbabətdə geniş istifadə olunur. Qoz bağırsaqları yumşaldır. İki ovuc qozu, on ovuc əncir və qatıqla qarışdırıb yemək orqanizmi təmizləyir. Köhnə qoz ləpəsini əzib, bədənin ağrıyan yerinə sürtməklə müalicə etmək mümkündür. Qozdan həmçinin kosmetik vasitə kimi də istifadə olunur. Qoz yağı ilə maskalar saç tökülməsinin qarşısını alır. Çiməndən sonra bədənə qoz yağı çəkilərsə, dəri parlaq və yumşaq olar. Yetişməmiş qozun suyunu, bal və üzüm sirkəsi ilə qarışdırıb qarqara etməklə ağızdakı yaraların, damaq və diş qanamasının qarşısını almaq mümkündür. Təzə qoz yarpağını alına sürtmək, baş ağrısını aradan qaldırır. Qoz ağacının şirəsi diş ağrısını kəsmək üçün ən yaxşı vasitələrdən biridir.

Ordubad əriyi

Ordubadın ən məşhur meyvələrindən biri ərikdir. Xüsusi ləzzəti, böyüklüyü, şirinliyi, rəngi və ətriylə fərqlənir. Ərik iyul ayında yetişir. Ərikdən mürəbbə və cem bişirir, turşu hazırlayırlar. Ərik qurusu-qaysı adlanır. Mədə – bağırsaq üçün çox faydalıdır. Qayısıdan ən çox plov bişiriləndə istifadə olunur. Ümumiyyətlə, meyvələri qurudaraq qışa saxlamaq və çay süfrələrində onlardan istifadə etmək ənənəsi yerli məişətdə çox geniş yayılıb. Yay mövsümündə, kənd evlərinin damında qurudulmaq üçün sərilmiş alça, tut və digər meyvələr maraqlı mənzərə yaradır.

"Nehrəm qarpızı”

Naxçıvanda "Nehrəm qarpızı” məşhurdur. Bu, Sabirabad qarpızının ekvivalentidir . Culfa-Naxçıvan magistral yolunun məhz Nehrəm kəndi ərazisindən keçən hissəsində yol boyunca qarpız bostanları və bostandan yenicə toplanmış məhsulları satan kəndliləri görə bilərsiniz. O dadlı-ləzzətli qarpızın üstünə bir parça Şahbuz pendiri qoydunuzmu, artıq sizin diqqətinizi dünyanın ən yaxşı yeməkləri belə çəkməyəcək. İsti yay günlərində bundan ləzzətli yemək ola bilməz.
Beləliklə, bu yazımızda Naxçıvanın barlı-bərəkətli bağlarında yetişən meyvələr haqqında sizə məlumat verməyə çalışdıq. Nəzərə alsaq ki, hələ Şahtaxtı qovunu, Badamlı badamlısı, Naxçıvan tutu və bir çox digər meyvə, giləmeyvə və tərəvəzlər haqqında danışmamışıq, deməli yazımızın davamı olacaq.

Elnur Kəlbizadə
Mənbə: http://publika.az saytı
.




Baxış: 3289 | Added by: ordubad | Etiketlər: Ordubad əriyi, Ordubad meyveleri, meyvə, Ordubad şaftalısı, göycə, nehrəm qarpızı, Ordubad limonu, meyvələr və faydaları | Təsnifat: 0.0/0 |
Ümumi şərhlər: 0
Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Paylaş
Sorğu
Ordubadın harasındansız?
Total of answers: 1887
Chat
Dost saytlar

Ordubad - Azərbaycanın incisidir

Sual Cavab saytı

Iqtisad Universiteti

Sayğac


Cəmi online: 1
Qonaqlar: 1
Istifadəçilər: 0