Üç qoruq şəhəri Ordubad - ORDUBAD RAYONU

ORDUBAD

Menyu
Login

Axtarış
Tags
Download yüklə keleki indir Elcibey kotam kendi kotam ordubad Ordubad Rayonu Endemic Ordubadda Novruz pezmeri naxcivan gilancay pezmeri selalesi ordubad xani Ordubad meyveleri Ordubad limonu Novruz Bayrami ordubad Ordubad lalelik
Facebook
Kalendar
«  Mart 2013  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Ana səhifə » 2013 » Mart » 2 » Üç qoruq şəhəri Ordubad
Üç qoruq şəhəri Ordubad
02:10

Naxçıvan Muxtar Respublikasının İranla sərhədində yerləşən Ordubad memarlıq, ekoloji və coğrafi baxımdan üç qoruq şəhəri kimi Ginnesin rekordlar kitabına düşməyə layiqdir.

Keçmişdə Ordubadda 72 yeraltı çeşmə olub ki, bu yaxınlarda da onardan 30-u bərpa edilib. Şərqşünas Cabir Cəbiyevlə onlardan birinin dərinliyinə enirik. Dərinlikdən heyrətamiz duruluqda olan sərin su çıxır. O sudan içmək üçün daşın üstə stəkan qoyulub. Yayın qızmarında bura şəhərin ən sərin yeri sayılır. Adəti üzrə hər qəsəbənin meydanında məscid, məscidin yanında isə kəhriz və çinar var. Köhnə şəhər çiy kərpicdən tikilib. Buradakı məscidlərdən heç birində minarənin olmaması da elə bununla izah edilir. Evlər isə saman kərpiclərdən inşa olunub. Ev dayaqları möhkəm qoz ağacından olduğuna görə zəlzələyə və bu yerlərdə tez-tez baş verən sürüşmələrə dözümlüdü. İkimərtəbəli evlər üstünlük təşkil edir, özü də mütləq ərzaq saxlanılması üçün buzxana adlandırdıqları zirzəmisiylə birlikdə. Şəhərin köhnə məhəlləsindəki ailələr Sevilya, yaxud Kordova şəhərlərindəki tipik ispan patiosu şəraitində yaşayırlar: pəncərəsi çölə baxan ikimərtəbəli ev, evlə üzbəüz yay mətbəxi, saxlanc və hamamın yerləşdiyi birmərtəbəli tikili və bu dördkünc sahənin ortasında meyvə bağı. Ordubad memarlıq üslubunun zirvəsi Cümə-məscid hesab olunur. Bu bina özündə 16-cı əsrdə İrəvan, Şuşa və Şəki memarlığında geniş yayılmış ideyaları ehtiva edir. Odur ki, 1977-ci ildə Bakının İçərişəhəri, Şuşanın və Şəkinin memarlıq abidələriylə yanaşı Ordubadın tarixi hissəsi də memarlıq qoruğu statusu aldı.


Ordubadın tarixinin bir şərəfli səhifəsi də var ki, bu, şəhərin və şəhərlilərin Şərq intibahı dönəmində oyandıqları əhəmiyyətli roldan xəbər verir. Belə ki, Yuxarı Aza kəndinin 6 kilometrliyində, Ordubadla 22 kilometrlik məsafədə orta əsrlər şəhəri olan Gilanın dağıntıları yerləşir. Qalayla möhkəmləndirilən bu şəhər V əsrdə yaradılıb. Arxeoloqlar burada zəngin saxsı qablar, dəmir əşyalar, XI Mitridat (eramızdan əvvəl 123-88-ci illər) dövrünün gümüş dirhəmlərini və s. aşkar etmişlər ki, bu da şəhərin Aralıq dənizi ölkələriylə sıx ticarət əlaqələri qurmasından xəbər verir. 1912-ci ildə burada təxminən 500 qızıl sikkədən ibarət xəzinə tapılıb. Onlardan beşi hal-hazırda Sankt-Peterburqun Ermitajında, beşi Moskvanın Tarix Muzeyində, ikisi Tbilisinin muzeyində nümayiş olunur. Qalan 488 sikkənin harda olması məlum deyil. Xəzinənin əsas hissəsi XII-XIII əsrlərdə Eldəgizlərin hakimiyyəti dövrünü əhatə edir. Həmin dönəmlərdə Naxçıvan paytaxt, Gilan isə əhəmiyyətinə görə ikinci şəhər idi. Sonra Gilan monqolların hücumu zamanı dağıdıldı və bir daha bərpa olunmadı. Ordubad da zaman-zaman monqolların, farsların hücumlarına məruz qalıb, amma hər dəfə bərpa olunub. Bəs, bu qonşu şəhərlərin belə fərqli tale yaşamasına səbəb nə idi? Buralarda neft yoxdu, qızıl xəzinələrinə gəlincə, onlar elə Ordubadda var idi. Səbəb odur ki, Ordubad ən azı 12 əsr ən qiymətli valyuta hesab olunan ipək istehsalı emalatxanası sayılıb. İşğalçılar ustaları özləri ilə aparırdılar, şəhər isə fabrik və ya zavod kimi yenidən işini bərpa edirdi. Burada İpək yolu ölkələrinin bütün şah sarayları üçün ən dəbdə olan məşhur Ordubad koşenili (qırmızı boyaq) istehsal olunurdu. Sonralar Naxçıvan da onun istehsalına başladı və koşenil Naxçıvan adıyla tanındı. Bu dəbdəbəli materiala görə Ordubadın sorağı Bizans, Misir, İspaniya, İtaliya kimi ölkələrəcən yayılmışdı. Yerli sakinlər uzun illər saray libasları üçün istifadə olunan bu materialın istehsal texnologiyasını məxfi saxlamışdılar. Bir adı da karmin olan bu boya orta əsrlərin ən uğurlu İpək yolu layihəsində nəhəng rol oynadı. Bu dahiyanə İpək yolu layihəsində koşenilin əhəmiyyəti heç də ipəkdən az olmadı. Hələ Bibliya rəvayətlərində qırmızı qurddan alınan al boyadan söhbət açılır. Bu boyanı Nuhun törəmələri hazırlayıb. Bu mənada koşenilin Ordubadda istehsalı faktı özü Nuhun bu yerlərdə olduğu mülahizəsini bir daha təsdiqləyir.

Üçüncü əsrdə İran hökmdarlarından biri Roma imperatoru Avreliana qiymətli hədiyyələr yollamışdı. Və bütün bu qiymətli hədiyyələrin arasında ən qiymətlisi kimi al qırmızı rəngə boyanmış ipək parça qəbul olundu. Bu parça romalıları necə valeh etdisə, onu sonralar rəsm əsərlərinin asıldığı Kapitoliyadan asdılar. Koşenil Bizansda da da tələb olunan mal idi. Beləcə, Ordubad imperator sarayları, patriarxat kilsələri üçün koşenil mənbəyi kimi qəbul olunurdu. Orta əsrlərin ərəb əlyazmalarında Naxçıvan qiymətli boya olan “qırmızı”nın istehsalçısı kimi xatırlanır. Ordubadda bu möcüzə boyanın tətbiqi get-gedə müxtəlif sahələri əhatə edirdi. Xəttatlar və rəssamlar kitabın qravüründə bu rəngdən istifadə etməyə başladılar. Təbriz miniatürçüləri kitablara çəkdikləri məşhur illüstrasiyalarında koşenildən gen-bol istifadə edirdilər.

XVI əsrdə Avropada Meksika koşenili peyda oldu. Onun istehsalı ucuz başa gəlirdi, boya isə daha parlaq idi. Meksika koşenili öz ucuzluğuna görə Ordubad koşenilini müəyyən müddət sıxışdırdı. Sanki həmişə belə olacaqdı. Amma XX əsrin 30-cu illərində Stalinin təşəbbüsü ilə Sovet rəhbərliyi xarici ölkələrdən olan idxalı bir qədər azaltmaq barədə qərar qəbul etdi. Tanınmış entomoloq Boris Kuzinə həvalə olundu ki, boyaya qiymətli bioəlavə kimi koşenilin istehsalını bərpa etsin. Rusiya İmperator Akademiyasının akademiki İosif Tamslın işləri yada salındı. Onun monoqrafiyalarında koşenilin “diri boya” kimi iqtisadiyyatda, incəsənətdə, kulinariyada əhəmiyyətindən bəhs olunurdu. 1971-ci ildə də koşenilin istehsalının bərpasına cəhd olundu. Koşenilə bu gün də tələbat var. Qədim xalçaların, miniatürlərin, qravür və kitabların bərpaçıları ondan istifadə edirlər. İpək istehsalının inkişaf perspektivləri ilə bağlı Özbəkistanda, Çində və Qazaxıstanda konfranslar təşkil olunur. Bu konfranslardan birini də Azərbaycanda keçirməyin vaxtı çoxdan çatıb. Bu zaman dünya bir daha koşenilin İpək yolunun çiçəklənməsində necə böyük rol oynadığının şahidi olacaq.

Bir vaxtlar koşenilin sayəsində Ordubad ipəkçiliyin mərkəzinə çevrilərək, bu sərfəli biznesə Gəncəni, Şəkini, Şuşanı və Dərbəndi də “qoşmuşdu”. Hələ Böyük Oktyabr inqilabına qədər Ordubad ipəyi 14 dəfə beynəlxalq sərgidə mükafata layiq görülüb. Bu şəhərdə AMEA-nın təbii bioresurslar bazasının nəzdində Aydın Qəmbərlinin rəhbərliyi altında bir vaxtlar Bizans imperatorlarının Ordubad tacirlərinə əvəzini qızılla ödədikdəri koşenil üzərində tədqiqatlar aparmaq olar. Özü də son illər dünya sintetik qida əlavələrindən uzaqlaşır və koşenil yenidən gündəmə gəlir. Bu laboratoriyada təhqiqata cəlb olunan ikinci mövzu kəhriz suları ola bilər. Ordubadlılara ta uşaqlıqdan indi çox dəbdə olan vitamin və minerallar kompleksi havayı verilir. Buradakı yeraltı çeşmələrin – kəhrizlərin suyu və yerli meyvələr əsl dərmandır. Zəngin mineral sulara və meyvələrə malik olması Ordubadın əsas özəlliyidir. Buradan dünya elminə böyük töhfələr vermiş neçə-neçə alimin çıxması da məhz bununla əsaslandırılmalıdır.

Bu şəhərin hər üç muzeyi özündə bu mövzu ilə bağlı xeyli sayda maraqlı məlumatlar gizləyir.

Əgər 1978-ci ildə Ordubada və onun ətrafında 31 memarlıq abidəsi siyahıya alınmışdısa, 2011-ci ildə artıq siyahıda 292 abidə var. Elə təkcə Ordubadın özündə 52 abidə dövlət nəzarətinə götürülüb. Onlardan 1-i dünya, 15-i respublika, 36-sı yerli əhəmiyyət kəsb edir. Bu şəhərdə ümumilikdə 600 memarlıq, tarixi və arxeoloji abidə var. Bura coğrafı abidələri də əlavə etmək olar. AMEA-nın mütəxəssisləri Abşeronla yanaşı, Ordubadı da dünya əhəmiyyətli coğrafi qoruq elan etməyi təklif edir. Azərbaycanın bu ərazisində dağlar nadir minerallarla zəngindir. Kəhrizdəki suların heyrətamiz keyfiyyəti də məhz buna görədir. Həmin su yod, natrium və s. ilə zəngindir.

Xalq yazıçısı Məmməd Səid Ordubadinin muzeyi 1972-ci ildə açılıb. 1975-ci ildə isə burada böyük kimyaçı alim Yusif Məmmədəliyevin ev muzeyi fəaliyyətə başlayıb.

Şirin Manafov
Nurməmməd Rəhimov

Menbe: http://www.525.az/site/?name=xeber&news_id=5927
Baxış: 651 | Added by: ordubad | Təsnifat: 0.0/0 |
Ümumi şərhlər: 0
Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Paylaş
Sorğu
Ordubadın harasındansız?
Total of answers: 1887
Chat
Dost saytlar

Ordubad - Azərbaycanın incisidir

Sual Cavab saytı

Iqtisad Universiteti

Sayğac


Cəmi online: 1
Qonaqlar: 1
Istifadəçilər: 0