ORDUBAD

Menyu
Login

Paylaş
Axtarış
Chat
Tags
Ordubad Rayonu Elcibey kotam kendi yüklə indir yukle naxcivan Endemic Ordubadda Novruz Novruz Bayrami pezmeri pezmeri selalesi kotam ordubad Ordubad meyveleri ordubad cəvizi Ordubad limonu ordubad xani ordubad keleki Ordubad lalelik
Kalendar
«  Fevral 2009  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
Ana səhifə » 2009 » Fevral » 1 » Ordubad
Ordubad
16:26
Ordubad - Azərbaycanda rayon. Azərbaycanın dilbər guşələrindən biri olan Ordubad Naxçıvan Muxtar Respublikasının tərkibinə daxildir. Cənubdan İran İslam Respublikası, şimaldan və qərbdən Ermənistanla həmsərhəd olmaqla, şərqdən Culfa rayonu ilə qonşu olan Ordubad rayonunun sahəsi 972 kv. km-dir, əhalisi 43200 nəfərdir. Ordubadın kəndləri: Yuxarı Əylis, Aşağı Əylis, Vənənd, Gənzə, Kotam, Aza, Der, Nəsirvaz, Kilit, Vələver, Biləv, Anabat, Yuxarı Əndəmic, Aşağı Əndəmic, Üstüpü, Nüs-Nüs, Düylün, Dırnıs, Dəstə, Unus, Xanağa, Kələki, Tivi, Parağa, Ağrı, Dizə, Disər, Qoruqlar, Çənnəb, Məzrə, Behrud, Sabir Kələntər, Qoşa dizə, Baş Dizə, Gilan-çay, Bist, Ələhi, Xurs, Nür-güt, Pəzməri. Rayonun inzibati mərkəzi – Ordubad şəhəri öz əhəmiyyətinə görə Naxçıvan Muxtar Respublikasının ikinci mühüm şəhəridir. Ordubad bağlar diyarı, güllər, bülbüllər şəhəridir. Ordubadçay sahilində dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşən Ordubad şəhri XII əsrdən məşhurdur.
Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993) Əbülfəz Elçibəy, 24 İyun 1938'ci ildə Naxçıvan MR-nın Ordubad rayonunun Kələki kəndində anadan olub.

Ordubad torpağının mənşəyi barədə mülahizələr müxtəlifdir. Bəziləri bunu "ordu" və "bal" //"pat"( və ya aba) hissələrindən ibarət sayır. Mənası "ordu yeri" deməkdir. Mənbələrin məlumatına görə, bu toponim müxtəlif vaxtlarda orbad, urdubad, orduvad və s. adlandırılmışdır. Tədqiqatçı Ə.Hüseyni isə bu toponimin əvvəl "Ordubad" adlanıb, "Bəyin qalası" mənasını verdiyini bildirir. "Bəy qalası" böyüyüb şəhərə çevrilmişdir. Bəziləri isə "Ordubad"ın monqollar dövründə yarandığını iddia edirlər. Hələ VII əsrdə tarixçi Sebeosun Naxçıvan ərazisində "Ordobad" adlı şəhərin olduğunu qeyd etməsi onun daha qədimliyini göstərir. Ordubadın salındığı dəqiq tarix müəyyənləşdirilməmişdir. Lakin bu ərazi dünyada ən qədim insan məskənlərindən biri, bəşəriyyətin yaranma ocağı sayılır. Ordubad adına ilk dəfə V əsr yazılı mənbələrində təsadüf olunur. Qədim dünyanın ən müqəddəs panteonlarından biri sayılan Gəmiqaya dağı da Ordubaddadır. Dağın üzərindəki təsvirlər və buradakı yurd yerləri Ordubad ərazisində e.ə. VII-I minilliklərdə yaşamış qədim əhalinin həyat tərzini və mədəni inkişaf yollarnıı izləməyə imkan verir. Ordubadm yaşayış məntəqələrindən olan Sabirkənd, Plovdağ və Xaraba Gilan ərazisində e.ə. II-I minilliklərə aid mədəniyyət qalıqları ilə zəngin olan yaşayış yerləri və nekropollar mövcuddur.

XX əsrin əvvəllərində erməni terrorunun qurbanı olan minlərlə Ordubad sakinlərini Türkiyədən köməyə gələn Musa Kazım Qarabəkir Paşa başda olmaqla qəhrəman türk ordusu xilas etmişdir.

Ordubadın möcüzəli təbiəti, sirli aləmi və təbii gözəlliyi XIX-XX əsrlərdə buraya səyahət etmiş bir sıra səyyahları təəcübləndirmişdir. Rus alimi İ.Şopen, polyak tədqiqatçısı A.Petzold, fransız yazıçısı Ä.Düma və başqaları öz yazılarında bu gözəlliyi vəsf etmiş, Ordubada heyran qaldıqlarmı bildirmişlər.

Ordubad torpağı təkcə əsrarəngiz gözəlliyi ilə deyil, həm də məşhur adamları, sənətkarları, dünya şöhrətli alimləri ilə də seçilib fərqlənmişdir. Məşhur astronom, alim, riyaziyyatçı, şair, dövlət xadimi Nəsirəddin Tusi Məhəmməd ibn Həsənin törəmələri hazırda Ordubadda yaşayırlar. Məşhur dövlət xadimi, şair, I Şah Abbasın baş vəziri olmuş Hatəm bəy Ordubadi də Tusi nəslinə mənsub olmuşdur. XIX əsrdə Nəcəf şəhərində yaşamış ayetollah Məhəmməd Əli Qələvi Ordubadinin ərəb dilinin qrammatikasına aid yazdığı bir neçə cildli kitab bütün şərq aləmində məşhurdur.

Ordubad torpağinin yetirmələri olan qırmızı diplomat İbrahim Əbilov Türkiyədə səfir işlədiyi illərdə Mustafa Kamal Paşa Atatürklə yaxından dostluq etmişdir. 1923-cü ildə Türkiyədə vəfat etmiş İ.Əbilovu M.K.Atatürk mumyalatdıraraq türk bayrağına bükdürüb türk əsgərinin müşayəti ilə Azərbaycana yola salmışdır. Ordubad torpağının daha bir yetirməsi olan general Novruz Rizayev ilk təhsilini Ordubadda almışdır. Roman janrının banilərindən olan məşhur Məmməd Səid Ordubadi, dünya şöhrətli alim, kimya elmi sahəsində yüksək kəşflər edən, 1941-1945-ci illər müharibəsində hərbi sənayenin inkişafında misilsiz xidmətlər göstəmiş Yusif Məmmədəliyev kimi ordubadlı alimlərin adları Azərbaycan adı ilə birgə çəkilməkdədir.

Mühüm ticarət yolu ayrıcında yerləşən Ordubad Yaxın və Orta Şərq ölkələri ilə ticarət əlaqələri saxlamışdır. Ordubad öz bağları, uzunömürlü çinar ağaclarıilə də məşhurdur. Bu ağaclardan ən böyüyünün diametri 18 metrdir. Ordubad həm də ipək qurdu yetişdirməsi üzrə ən qədim mərkəzdir. Vaxtilə rayonda 40 növdə üzüm yetişdirilirdi. Hələ XVI əsrin ikinci yarısından başlayaraq Ordubaddan Venesiyaya, Marsel, Amsterdam və s. Avropa şəhərlərinə ipək ixrac olunurdu. XX əsrin əvvəllərində keçirilmiş beynəlxalq sərgi və baxışlarda Ordubad ipəyi 13 dəfə qızıl medalla təltif edilmişdir.

Ötən əsrin məşhur səyyahı Hacı Zeynalabdin Şirvani "Bustanüs-səyahə" kitabında yazır: "Ordubad ürəkaçan gözəl bir qəsəbədir. Ora adama fərəh verən yerdir. Onun möhkəm qalası, bol suyu və çoxlu bağları vardır. Meyvəsi bol və dadlıdır. Havası insana sağlıq verir. Adamları surətcə gözəldir."

Hazırda Şərq aləminin canlı muzeyi hesab olunan Ordubad öz tarixini və dünya mədəniyyətinə bəxş etdiyi töhfələri ləyaqətlə qoruyaraq nəsillərdən-nəsillərə ötürür...

Ordubad dünyada ən qədim insan məskənlərindən biri, bəşəriyyətin yaranma ocağı sayılır.

Gəmiqaya Ordubad rayonu ərazisində - Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə yerləşir. Yal-çın, şiş qayalı zirvəsi daim qarla, ağ buludlarla örtülü olan bu dağ Naxçıvanm hər yerindən aydın görünür. Təbiətin möcüzəli biçimində yaranmış Gəmiqaya, uzaqdan mavi səma fonunda bir növ dərin ümmanlara baş vurub üzən nəhəng gəmiyə bənzəyir. Kim bilir, bəlkə də ulu nəsillər belə zahiri oxşarlığa əsasən Qapıcıq zirvəsinə (Naxçıvan MR ərazisinin ən yüksək nöqtəsi - 3904 m) Gəmiqaya adı vermişlər.

Orta əsr şəhər quruluşunu tamamilə qoruyub saxlayan Ordubad 1977-ci ildə qoruq şəhəri elan edilmişdir. Qoruq şəhəri Nizami küçəsi ilə Füzuli küçəsinin kesişdiyi yerdən başlayaraq şəhərin əsas küçələrini əhatə edir. Bu şəhərin tarixinə nəzər salarkən görürük ki, şəhər əsasən 5 böyük zonadan ibarətdir:
1."Ambaras" (İbrahim Əbilov və Babək küçələri)
2."Kürdatal" (Əkbər Ağayev və M.Füzuli küçələri)
3."Üçtürləngə"(Üçtürləngə küçəsi)
4."Mingis" (Ümbül-Leyla və indiki Mingis küçələri)
5."Sərşəhər" (Qaffar Babayev və Dədə Qorqud küçələri)

Sərşəhər meydanı (Şəşəri))

Bundan başqa bu zonalarda nisbətən kiçik məhəllələr vardır: "Qaraçanaq", "Dilbər", "Əngəç", "Qarahovuz başı", "Əsgərxan", "Varsan", "Körpübaşı", "Bəylər", "Meyrəmçə", "Peçi", "Düz", "Qoşqar", "Musa təngi".

Ordubad rayonu ərazisində 41 orta məktəb, 4 doqquz illik, 5 natamam orta təhsil məktəbi, 5 əlavə qeyri tədris ocaqları fəaliyyət göstərir. Rayonda bir texniki peşə məktəbi vardır. Ordubadın küçələri yelpik şəklində şəhərin mərkəzi ətrafında dövrələnmişdir. Dəmiryol vağzalını şəhərin mərkəzi ilə birləşdirən əsas magistralda inzibati binalar, əsas ticarət və mədəni-iaşə obyektləri yerləşmişdir.

Ordubadın yaşayış evlərinin memarlıq üslubu Azərbaycanın digər zonalarmm heç birində rast gəlinmir. Burada xüsusi cizgiləri ilə seçilən və əhalinin adət-ənənələrini özündə əks etdirən evlərin planı çox rəngarəng və özünəməxsusdur.

Ulu yaradan heç bir gözəlliyini Ordubaddan əsirgəməyib. Kiçik Qafqaz sıra dağlarının ən uca zirvəsi sayılan Qapıcıq dağdan, başları qarlı Soyuq, Əjnövür, Bəlkə dağlarından, "Şıxı yurdu", "Qurban yurdu" və "Salabun"dan keçərək "Zəvvar" arxı ilə gəlib kiçicik şəlalə kimi çaylarımıza tökülən qar sularmdan mayalanan buz kimi sərin çeşmələr, kəhrizlər, təmiz dağ havası, bol məhsullu meyvə bağları, göz oxşadıqca uzanan əkin sahələri, qədim Şərq üslubunda tikilmiş memarlıq abidələri, zəhmətkeş insanları, istedadlı ziyalıları, ismətli, gözəl qızları, igid oğlanları qonaqpərvər, saf ürəkli, təmiz məhəbbətli əhalisi olan Ordubad tarixən bura gəlib-gedən səyyahları, qonaqları valeh etmişdir. Şairanə aşırımlı qayalar, qoca çinarlar, qoz (cəviz) ağacları, həzin səsli bulaqlar, həsrət baxışlı "cənub" dağları, müəzzinin sübh tezdən sədalanan azan səsi ordubadlılara behiştin iyini hiss etdirir.

Tarixə nəzər saldıqda aydın olur ki, vaxtilə Ordubadda 100-dən çox çeşmə, kəhriz olmuşdur. Yerli əhali şəhərin mərkəzindən keçən "Dübəndi" çayından torpaq sahələrini suvarmaq üçün, bu çeşmələrin suyundan isə içmək üçün istifadə edirmiş, Ümumiyyətlə isə tarixən Ordubadda çeşmələr həmişə müqəddəs sayılmışlar. Hazırda şəhərdə 34 çeşmədən istifadə olunur. Bütün çeşmələr bir-biri ilə yeraltı yollar vasitəsilə bənd edilmişdir.Ordubadda çeşmələrin yer səthindən 3-10 m dərinlikdə yerləşdirilməsi, şəhərdə kanalizasiya qurğularının mövcudluğu, hamamlar onun mədəni səviyyəsini təsdiq edən faktlardır.

Ambaras məscidi

Ordubad qədim tarixi və arxeoloji abidələrlə zəngin olan bir diyardır. Burada eramızdan əvvəl II və I minilliyə aid "Xaraba Gilan" tapmtıları, e.ə. III əsrin "Gəmi Qaya" ansamblı, orta əsrlərə aid "Kilit mağara"sı, XIV əsrin yadigarları "Mingis", "Came" məscidləri, XVII əsr abidəsi "Qeysəriyyə"-Zorxana, XVIII əsrə aid "Sərşəhər", "Təkeşiyi", "Üçtürləngə" məscidləri,XIX əsrin "Ordubad hamamı" və s. abidələr ulu keçmişimizin tarixi yadigarlandır.

Ordubad şəhərində XVII əsrin orijinal tikililərindən sayılan səkkizbucaqlı günbəzli "Qeysəriyyə" ("Zorxana"), qədim mədrəsə binaları olmuşdur. Tədqiqatçıların bəzisi onun üzərindəki 1714-cü il tarixini tikilməsinin deyil, təmirinin tarixi hesab edirlər. "Buzxana", Əsarət meydanı, Pir Eyvaz türbəsi (XVIII) də şəhərin mədəni həyatının çox zəngin olmasını göstərir.

Ordubad şəhərinin mərkəzində 7 min nəfərlik Cümə məscidi qədim memarlıq abidəsi kimi indi də şəhərin qonaqlarını heyrətə salır. Onun 1275-ci ildə tikildiyi qeyd olunmuşdur. Lakin 1903-cü ildə məscid təmir edilərkən tapılmış bir kərpicin üzərində "III tarixi-hicri Ər-Rəşid" sözləri onun yaşını 500 il artırır. Məscidin giriş qapısına vurulmuş lövhədə 1607-ci ildə Şah Abbasın verdiyi xüsusi fərmanın mətni yazılmışdır. Həmin fərmanda deyilir: "Ordubadlılar əməksevər, qoçaq və işgüzar adamlardır. Nəsiri Tusinin yüksək nəslinin burada davamı üçün adı çəkilən qəsəbənin əhalisi bütün vergilərdən azad edilir."Tədqiqatçıların yazdığına görə, şəhərin Cümə məscidinin qarşısında bir neçə qəbir var. Tusinin nəvələrindən biri Mirzə Ünayət Nəsiri Tusinin qızı Şərəf xanımın qəbri də buradadır. Onun baş daşında ərəb dilində belə yazılıb: "Hamı ölməyə məhkumdur, ölməlidir".

Ordubadın Vənənd kəndindəki Cümə məscidi də qədim abidə kimi diqqətə layiqdir. Məscid 1324-1325-ci illərdə tikilmiş, 1737-ci ildə vənəndli Məhəmməd Rza tərəfindən bərpa edilmişdir. Ordubad şəhərində 3 muzey fəaliyyət göstərir:
1.M.S.Ordubadinin ev muzeyi - 1972-ci ildə yaranıb, 700-dən çox eksponatı var.
2.Akademik Y.Məmmədəliyevin ev muzeyi-1975-ci ildə yaranıb, 1800 eksponatı var.
3.Ordubad rayon Tarix-diyarşünaslıq muzeyi-1980-ci ilin dekabrmda yaranıb, 3500-ə qədər eksponat və fraqmentləri vardır.

Ordubadda Məlik İbrahim türbəsi, Əfqan qalası, Babək qalası, Şah dağı, Cahartac abidələri, Gürdətal məhəllə qəbirstanlığında qoç heykəlli çoxlu qəbirlərin mövcudluğu, eləcə də yaşı 2000 ildən artıq hesab edilən çinarların olması onun qədim tarixindən xəbər verən faktlar silsiləsini zənginləşdirir.

Sənətkarlıq, qaba yundan xalça, palaz, cecim, xurcun toxumaq, ipəkçilik Ordubad sakinlərinin zəhmətsevərliyinə ən yaxşı sübutdur. Ordubadda oyma, şəbəkə, xatəmkarlıq da inkişaf etmişdir. Bu şəhərdə olmuş bir ərəb səyyahının yazdığına görə, "Ordubadda düzəldilmiş və rənglənmiş ağac qablar və şəbəkə nümunələri xarici bazarda sayılan ən yaxşı mallar idi."

Hal-hazırda Ordubad şəhərində 3 böyük qəbiristanlıqdan ikisi "Qoç" və "Pireyvəz" qəbiristanlıqları sökülərək yerində başqa obyektlər tikilsə də "Malik İbrahim" qəbiristanlığı 2 ha sahəni əhatə etməklə şəhərin yuxarı hissəsinə yaxın Qara dağın ətəklərində yerləşmişdir. Burada bir məscid binası və cənuba doğru uzanan böyük bir qəbiristanlıq vardır.

Ordubadda axırıncı çərşənbə günü "yeddi ləvin" deyilən bir mərasim keçirilir ki, həmin gün şəhərə nabələd olan adam gəlsə, burada nəsə hərbi çaxnaşmanın düşdüyünü zənn edər. Göyə açılan beşaçılanlar, fişənglər, oynanan xalq tamaşaları hər yerdə müşahidə olunur. Rayonun bütün kəndlərindən mərkəzə gələn camaat həmin gün deyib-gülür, şadyanalıq edir, ilk sevinclərini bir yerdə paylaşırlar. Qadınlar evlərdə yeddi cür təamlar hazırlayır, bayram süfrəsinin bol olması üçün bütün imkanlarını ortaya qoyurlar. Divanxanaya yığışan evin kişiləri isə bayram axşamı üçün çöl tədarükü görürlər. Dağlıq ərazi olan bu yerlərdə İlaxır çərşənbə axşamında bütün dağlarda, gündüzlər çıxılması ağıla belə gəlməyən qayalarda tonqallar qalanır. Bu məharətin həyata keçirilməsində məhlələrin bir-biri ilə yarışa çıxdığını desək, yanılmarıq. Bayramın ən maraqlı, yadda qalan hadisələri kimi papaq atmağı, qapı pusmağı qeyd etməmək olmaz. Cavan qızlar həmin gecə niyyət edib fal açırlar. Gələcəkdə diləklərinin həyata keçməsi üçün dualar edirlər.

Obaların çadır-çardaqlarında kilimlər üzərində, evlərdə manqal başında, bağçalarda ağacların təzə tumurcuqlamaya başlayan budaqları altında şənliklər qeyd olunur. Şirniyatlar, şəkərbura, paxlava, qoğal bişirilir, qırmızı yumurtalar boyanır, səməni halvası hazırlanır, şərbətlər paylanır. Ordubadda Novruz bayramının qeyd olunduğu bu üç gün ərzində əhali özünə "Xan" seçir. Ən maraqlı hadisələr də bundan sonra cərəyan edir. Xanın ətrafında saray əyanları cəmlənir. Səlahiyyətdə olduğu bu günlər ərzində tapşırıqlar verən Xan, imkansız adamlara əl tutulması üçün fərmanlar imzalayır. İşdir bu proseslər zamanı birdən onu gülmək tutarsa, əyanlar tərəfindən cəzalandırılır və dərhal taxtdan salınır. Üç gün-üç gecə Kosa və Keçəlin iştirakı ilə bayram toyu çalınır. Qəbilə ağsaqqalları bütün gün evlərində gözəl təamlarla dolu olan süfrənin arxasında əyləşirlər. Dünyadan köçən əzizlər xatırlanır. Təbrik üçün gələn hər bir şəxs onların xeyir-duaları ilə yola salınır...

Ordubadlıların elm sahəsində xidmətləri böyük olmuşdur. Ordubaddan 365 nəfərdən çox alim çıxmışdır ki, onlardan Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü professor İsmayıl İbrahimov, akademik Müzəffər Abutalıbov, akademik Rəhim Rəhimov, professor Musa Rüstəmov, Əliqulu Fərəcov, Nəsib Məmmədov, AMEA-nm müxbir üzvü professor Sabit Kərimov, Əliqulu Ağalarov, Adil Ağalarov, Sevda Məmmədəliyeva, Azər Şəmsəddinski, professor Bahadur Baxşıyev, Həbib Məmmədəliyev, Qüdrət Axundov, İmran Mehdiyev, professor Çingiz Rəhimov, Nazim Rüstəmov, Nurməmməd Rəhimov, Oqtay Fərəcov, Əbülfəz Qasımov, respublikamızı beynəlxalq təşkilatlarda layiqincə təmsil edən Ramiz Abutalıbov, tanınmış şərqşünaslar - Malik Mahmudov, Əbülfəz Əliyev (Elçibəy), Əliyar Səfərli, Mehri Məmmədova, kimya elmləri namizədi Dilşad Yusifova, xalq artisti Kazım Ziya, yazıçı, jurnalist Əvəz Sadıq, Əjdər Xanbabayev, yazıçı Əkrəm Əylisli, ilk türkoloq alim Fərhad Zeynalov, filoloq alim, professor Tağı Xalisbəyli, əməkdar müəllimi Əkbər Məftun, şərqşünas, elmlər namizədi Bəhruz Salehov və ümumiyyətlə, 150-dən çox elmlər doktoru, professor, 220-dən çox elmlər namizədləri və xarici ölkə universitetlərinin elmi adını alan ordubadlı alimlər Azərbaycanm fəxridirlər.Ordubadlılar elmlə ciddi çalışdıqları kimi digər sahələrdə xüsusilə əkin-biçin işlərində zəhmətsevərdirlər.

Ordubad əriyinin, şaftalısının dünyada misli-bərabəri yoxdur. Abutalıbı, badamı, şalağı, lumu, ərik, ağ ərik, növrəste, bal yarım ərik, şaftalı, nazlı, güştü, hulu, səlamu, şərəlli, tərəlli, qərəlli, tüklü şaftalı, tüksüz şaftalı və s.

Ordubad təbii sərvətləri, gur kəhrizləri, çeşmələri, gözəl təbiəti ilə yanaşı keyfiyyətli ipəyi ilə də tanınmışdır. Ordubadlı mərhum yazıçı Əliqulu Fərəcov Ordubadı Azərbaycanın ipəkçilik beşiyi adlandırmışdır.

Baxış: 3374 | Tərəfindən əlavə olundu: ordubad | Etiketlər: ordubad, Ordubad Rayonu | Təsnifat: 0.0/0 |
Ümumi şərhlər: 0
Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Facebook
 
Sorğu
Ordubadın harasındansız?
Total of answers: 2031
Dost saytlar

Ordubad Rayonu

Iqtisad Universiteti

Sayğac

Copyright Ordubad © 2024
Make a free website with uCoz