Səfərli Əliyar Qurbanəli oğlu - maarif xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü , Azərbaycanın İrandakı keçmiş səfiri.
Həyatı Əliyar Səfərli 1937-ci ildə Ordubad rayonunun Anabad kəndində anadan olmuşdur. 1955-ci ildə Ordubad orta məktəbini, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsinin İran filologiyası şöbəsini bitirmişdir. 1960-1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi olmuşdur. Uzun müddət BDU-nun filologiya fakultəsində tədrislə məşğul olub. 1986-1994-cü illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri işləmişdir. Həmin kafedranın professorudur.
Elmi və diplomatik fəaliyyətləri Əliyar Səfərli orta əsrlər Azərbaycan ədəbiyyatının tanınmış təhqiqatçılarındandır. O, Məsihinin (17-ci əsr) həyat və yaradıcılığına, 17-18-ci əsrlər Azərbaycan epik şerinə dair tədqiqatların müəllifidir. Mətnşünaslıq sahəsində də ciddi nəticələri vardır. Bir sıra unudulmuş ədəbi abidələri aşkara çıxarmış, ilk anadilli poema olan "Dastani Əhməd Hərami"ni, Qazi Bürhanəddinin "Divan"ını, Məhəmməd Füzulinin "Həqiqət üs-süəda" əsərini (şərikli), Məsihinin "Vərqa və Gülşa" poemasını, "Şəhriyar" dastanını, habelə Nəsimi, Əmani və başqalarının əsərlərini tərtib və nəşr etdirmişdir. Uzun illər Azərbaycan Təhsil Nazirliyində "Ədəbiyyatşünaslıq" bölməsinin rəhbəri olmuş, orta və ali məktəblər üçün dərslik, dərs vəsaiti və proqramların hazırlanmasında bilavasitə yaxından iştirak etmişdir. Əsərləri xarici ölkələrdə nəşr edilmişdir. Əliyar Səfərli diplomatik sahədə də fəaliyyət göstərmişdir. 1994-1998-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri olmuş, ölkəmizi Beynəlxalq İqtisadi Təşkilatda (EKO) təmsil etmişdir.
Menbe: az.wikipedia.org
Baxış: 1213 |
Tərəfindən əlavə olundu: ordubad
| Təsnifat: 0.0/0 |
Ümumi şərhlər: 0
Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər. [ Qeydiyyat | Giriş ]