ORDUBAD

Menyu
Login

Paylaş
Axtarış
Chat
Tags
Ordubad Rayonu Elcibey kotam kendi yüklə indir yukle naxcivan Endemic Ordubadda Novruz Novruz Bayrami pezmeri pezmeri selalesi kotam ordubad Ordubad meyveleri ordubad cəvizi Ordubad limonu ordubad xani ordubad keleki Ordubad lalelik
Kalendar
«  Avqust 2013  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Ana səhifə » 2013 » Avqust » 19 » Nuhun gəmisinin yan aldığı zirvə
Nuhun gəmisinin yan aldığı zirvə
17:20


Yer kürəsində həyatın yaranması ilə bağlı çoxsaylı elmi nəzəriyyələr özünü doğrultmasa da, onların sırasında böyük tufandan sonuncu sivilizasiyanı xilas edən Nuh peyğəmbərin rəvayəti həqiqi reallıqlara daha yaxındır. Ən maraqlısı da odur ki, Ordubad rayonundakı dağlarda zirvələrin arasındakı Gəmiqaya adlanan kiçik ərazidə bu qədim rəvayəti təsdiq edən onlarca fakt mövcuddur.
Bəşər sivilizasiyasının beşiyi olan Naxçıvan dünyanın ən qədim yaşayış məskənlərindən biri sayılır. “Naxçıvan” sözü üç hissədən ibarətdir. “Nax” (Nuh), türk dilində isim düzəldən “çı” şəkilçisindən və yer, məkan bildirən “van” toponomik formatından ibarət olub, “Nuhçuvan” - nuhçuların, yəni, Nuh tərəfdarlarının məskəni, Nuh diyarı deməkdir. Bu amil bizə Naxçıvan sözünün Nuh peyğəmbərlə bir əlaqəsi, bağlılığı olduğunu söyləməyə əsas verir. Ümumiyyətlə, muxtar respublikanın ərazisində çox sayda etnoqrafik çöl materialları, rəvayətlər, əfsanələr, adətlər, inanclar mövcuddur. Çar Rusiyası dövründə xristianlar bu yerləri aramsız olaraq ziyarət edərdilər. Məsələn, Naxçıvan, Nəhəcir, Nehrəm, Nuhdabanı və. s kimi yer adlarının hamısı Nuhla bağlıdır.
Nuhla bağlı rəvayətlərə, deyimlərə dünyanın bir sıra ölkələrində də rast gəlmək mümkündür. Ancaq bir məsələ xüsusilə qeyd edilməlidir ki, Naxçıvan istisna olmaqla digər yerlərdə gəmi və tufanla bağlı rəvayətlər, toponimlər buradakı qədər zəngin deyil.
Müqəddəs kitabımız Qurani-Kərimin Hud surəsinin qırxıncı ayəsində gəmiyə götürüləcək heyvanlarla bağlı deyilir: “Hər heyvandan bir dişi, bir erkək olmaqla bir cüt götür, gəmiyə mindir”. Naxçıvan ərazisində toplanmış rəvayətlərdə heyvanların gəmiyə mindirilməsi və düşürülməsi haqqındakı rəvayətlər Qurani-Kərimdə yazılanlarla eyniyyət təşkil edir.
Nuh peyğəmbərlə bağlı rəvayətlərdə, xüsusilə, qaranquşla bağlı deyimlər diqqəti cəlb edir. Rəvayətə görə dünya tufanından sonra Nuh peyğəmbərə ilk quru yerin xəbərini qaranquş gətirir. Ordubad rayonunun Gəmiqaya ərazisindəki qayaüstü təsvirlərlə zəngin əsas ərazidən biri də məhz “Qaranquş yaylağı” adlanır. Maraqlısı odur ki, qayaüstü rəsmlərin arasında qaranquş təsvirinə daha çox rast gəlmək mümkündür. İnanca görə insanların gəmidən ilk quruya çıxdığı yer də “Qaranquş yaylağı” olmuşdur. Tarix elmləri doktoru Qadir Qədirzadə yazır ki, qaranquşla bağlı bəhs olunan rəvayəti genetik cəhətdən araşdırarkən qədim Şumer dastanı “Bilqamıs"la qarşılıqlı bənzərliklərin izinə düşmək mümkündür.
Araşdırmalardan və mənbələrdən aydın olur ki, dünya tufanı çəkildikdən sonra Nuhun gəmisi Gəmiqaya abidəsinin ətrafında dayanmış, Nuh və onun ətrafındakılar “Nəbi yurdu"nu ilk yaşayış yeri kimi seçiblərmiş. Zaman keçdikcə insanlar buradan Araz çayına doğru yayılmışlar. K.A.Nikitinin əsərlərində və digər mənbələrdə qeyd edilir ki, Nuh peyğəmbər ilk dəfə olaraq Naxçıvan ərazisindəki Duzdağ deyilən yerdən duz çıxarmağı insanlara öyrətmişdir.
Araşdırmalara görə Nuh peyğəmbərin qəbri ilə yanaşı, onun bacısının qəbri də Naxçıvan şəhərinin qərbindəki təpələrin birindədir.
Tədqiqatlar göstərir ki, “Ümumdünya tufanı” və Nuhla bağlı rəvayətlər Naxçıvanla bağlı olmuşdur. Yunan alimi Klavdi Ptolomey Naxçıvanı Nuh peyğəmbərin məskəni kimi qeyd etmiş, yəhudi alimi İosif Flavi Naxçıvan torpağını Nuhun gəmisinin dayandığı yer kimi göstərmişdir. XVI əsr ərəb alimi Əl-Şərifi nəinki Nuh peyğəmbərin qəbrinin, hətta gəmisinin qalıqlarının Naxçıvanda olması haqqında ətraflı məlumat vermişdir. Bütün bunların nəticəsi olaraq 28 iyun 2006-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Nuh peyğəmbərin məzarının bərpası haqqında sərəncam vermiş, burada məzar üzərində Şərq memarlıq üslubuna uyğun türbə inşa edilmiş, bir neçə il bundan əvvəl Naxçıvan şəhərində dünyanın 10-a yaxın ölkəsindən gəlmiş Nuhşünas alimlərin iştirakı ilə beynəlxalq elmi simpozium keçirilmişdir. Həmin elmi toplantıda ayrı-ayrı ölkə alimlərinin çıxışlarında Nuhun, beləliklə də, bəşəriyyətin ilkin tarixinin məhz Naxçıvandan başlaması fikirləri səsləndirilmişdir.

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov
"Azərbaycan” qəzeti, 14 avqust 2013-cü il
Baxış: 1377 | Tərəfindən əlavə olundu: ordubad | Etiketlər: ordubad, Gəmiqaya, Nuh türbəsi, gemiqaya, Nuh | Təsnifat: 0.0/0 |
Ümumi şərhlər: 0
Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Facebook
 
Sorğu
Ordubadın harasındansız?
Total of answers: 2026
Dost saytlar

Ordubad Rayonu

Iqtisad Universiteti

Sayğac

Copyright Ordubad © 2024
Make a free website with uCoz