Ermənilərin dağ ekspedisiya korpusu sonuncu əsgərədək məhv edildi
Fərəc Quliyev: "Yüzlərlə düşmən əsgəri öldürülmüşdü"
"Soyuğ"u 26 əsgərlə ələ keçirdik
Hərbi xidmət keçdiyim Ordubad rayonunun Kotam kəndinin sakinləri ilə söhbət zamanı onlar Naxçıvan Muxtar Respublikasının ən strateji ərazilərindən olan "Soyuq" adlandırılan ərazinin azad edilməsində xidmətləri olan şəxslərdən danışmışdılar. Onlarla söhbətlərim zamanı adlarını çəkdikləri şəxslərdən yalnız birini - Fərəc Quliyevi jurnalist olaraq tanıyırdım. Lakin indikindən fərqli olaraq deputat, partiya sədri kimi yox, Ordubad sakini olaraq... Beləliklə, "Gündəlik Bakı" qəzetinin "Maraqlı adamlar" rubrikasının növbəti qonağı keçmiş döyüşçü Fərəc Quliyevdir:
26 nəfərlə "Soyuğ"a qalxdıq
- Naxçıvanın "Soyuq" adlandırılan yeri muxtar respublikanın ən hündür ərazilərindən biridir. Hətta avqustda orada qar, buz olur. Ərazidə su, bulaq yoxdur. Elə yayın özündə də xüsusi qurğular vasitəsilə oradan su götürüb, istifadə edirlər. Təsəvvür edin, belə bir yeri 1991-ci il dekabrın 17-də düşməndən xilas etdik. "Soyuq" strateji əhəmiyyətli ərazi olmaqla yanaşı, RLS kimi yerdir. Ordan Yaxın Şərq bütövlüklə, hətta Uzaq Şərq də müşahidə olunurdu, ərazidə radiolokasiya stansiyası qurulmuşdu. Bura şərti olaraq, "Böyük Soyuq" və "Kiçik Soyuq" adlandırılan iki əraziyə ayrılır, demək olar ki, şəhərcikdir. Sovet dövründə burada rusların hərbi hissəsi mövcud idi, Tiflis hərbi dairəsinin bir hissəsiydi, ora tabe idi. Komandanı da Gürcüstanda yerləşirdi.
Bizə rusların "Soyuq" adlandırılan ərazimizin ermənilərə təhvil vermək istəmələri barədə məlumat daxil oldu. Ora kim nəzarət etsə, Sisyanda, Qafanda, Gorusda, Naxçıvanda müşahidələr aparmaq imkanı qazanacaq. "Soyuq" strateji yüksəkliyinin əhəmiyyəti görün, nə qədər çoxdur? Bu barədə məlumat aldıqdan sonra 26 nəfərlə həmin əraziyə qalxdıq. Yolda yoldaşlarımızdan biri ayağını əzdiyindən geri qayıtdı. Kənzə adlanan yerdən 17 kilometrlik yoldur. Səhər yola çıxdıq və təxminən, 12 saat yol getdik. Hər tərəf qardır, az qala boğaza qədər qarın içində yol getməli olursan. Bunlar illərlə yığılıb qalmış qarlardır. Biz ora axşam çatdıq. Orada bunkerdə lentlər yanır, Tiflisdən general bura zəng edib və "Soyuğ"un rəhbərinə deyir ki, ehtiyatlı olun, gəlib oranı tuta bilərlər. O isə deyir, nə danışırsınız, burada hətta itlər belə yuvalarından çölə çıxmağa qorxurlar.
Biz ora yaxınlaşdıqda avtomatlarımızın çaxmaqlarını çəkə bilmədik, silahlarımız donmuşdu. İlk dəfə idi ki, yağlanmış silahların donduğunu görürdüm. Yoldaşlarımızın 6 nəfərinin ayaqları dondu, onları müxtəlif yerlərdən amputasiya etdilər. Lakin ərazini ələ keçirdik, əldə saxladıq. İndi ora bizim cəsur əsgərlərimiz nəzarət edirlər.
Ermənilər bir neçə gün meyit daşıdılar
Bunlar mənim həyatımın ən əhəmiyyətli, unudulmaz anlarındandır. Biz ərazini ələ keçirdikdən sonra əhali istənilən köməyə hazır idi. Qayıdıb Ordubad radiosu ilə çıxış etdim. Dedim ki, oradakı əsgərlərimizə 15-20 bellik, yun əlcək, corab lazımdır. Mənim çıxışımdan cəmi bir gün sonra qadınlar tərəfindən 200 dəstə qədər yun corab, əlcək toxunmuşdu, bellik gətirilmişdi. Bunları həmin əraziyə qaldırdıq. Hər həftə əsgərlərimizin yataq dəstlərini dəyişdirir, gətirib yudurdurduq. "Soyuğ"a maşın getmir, ancaq piyada qalxmalısan. Bu, çox əhəmiyyətli iş idi, bilmirəm onu hardan öyrənmisiniz, hardan yadınıza düşdü. Heç kimdən çox sağ ol gözləmirik.
Sonrakı vaxtlarda bizim Xorxat adlandırılan məşhur döyüşümüz baş verdi. Artıq bunu yazmaq olar, verin mətbuata - biz həmişə ağlayırıq, qoy düşünməsinlər ki, düşməndən heç vaxt qisas ala bilməmişik. Həmin vaxt Xocalı faciəsinin qisasını almaq məqsədilə Xorxat döyüşü oldu və erməni dağ ekspedisiya korpusunu sonuncu əsgərə qədər məhv etdik. Bu səbəbdən Ermənistanda üç günlük matəm elan olundu.
- Həmin döyüş nə vaxt baş verdi?
- 1992-ci ilin sonlarında...
- Hansı ərazidə?
- Ordubadın Kotam kəndindən yuxarıda Xorxat deyilən yüksəklik var. Biz orada Ermənistanın dağ ekspedisiya korpusunu darmadağın etdik.
- İşğalçıların təxminən, neçə əsgərini məhv etdiniz?
- Bunun indi mətbuata açıqlanmasının nə qədər məqsədəuyğun olub-olmadığını deyə bilmərəm. Amma qeyd edim ki, onların sənədlərini yığdıq və əlimizdə yüzlərlə ölmüş əsgərin sənədi vardı. Bunu biləsiniz. Ermənilər bir neçə gün vertolyotlarla meyitləri daşımaqla məşğul oldular. Vəziyyət beləydi. Həmin döyüşdə Azərbaycan əsgərləri cəmi 3 itki verdi. "Soyuq"la Xorxatın arasında "Dördüncü Təpə" adlandırılan ərazi var. Bu yerin də strateji əhəmiyyətindən yararlandıq. Üç tərəfdən qəfil hücuma keçməklə düşmənin böyük miqdarda əsgərini məhv etdik.
Elçibəy "Soyuğ"un əhəmiyyətini bilirdi
Mən orada Azərbaycan əsgərinin çox böyük cəsurluğunu, ləyaqətli davranışlarını gördüm. Təsəvvür edin - 17-18 yeniyetməmiz süngü davasına çıxdılar. Bunu indi kimə desən, ona qəribə görünər. Belə qəhrəmanlıqları ekranlaşdırmaq, onları lentə çəkmək lazımdır. Qoy görsünlər, Azərbaycan əsgəri necə döyüşüb. Səngərlərdə süngü davası aparan gənclərimizin qəhrəmanlıqlarına heyran oldum. Onları ora heç kim çağırmamışdı, ayaq üstə, pulemyot ata-ata düşmənin üstünə gedirdilər.
Bütün bunları xatırlayanda həyəcanlanıram, mən millətimizin olduğu kimi təqdim edilməsinə maraqlıyam. Həmin döyüşlərdə bizim də az-çox xidmətimiz oldu. İndi siz bu barədə soruşdunuz, mən də cavab verdim, bilmirəm, bu barədə məlumatları hardan almısınız.
Missiya kitabı yazmışam, orada soy barədə qeyd etmişəm. Bu, geniş, ətraflı mövzudur, daha çox dərinə getmək istəmirəm.
Qarabağ azad olmayınca özümü qəhrəman saymaram
- Əbülfəz Elçibəy o vaxt sizə Azərbaycanın Milli Qəhrəmanı statusunun verilməsi barədə təşəbbüs qaldırmışdı. Yaxşı, bəs bundan niyə imtina etdiniz?
- Bizim "Soyuğ"u ələ keçirməyimiz doğrudan da, ciddi hadisə idi. Naxçıvanda yaşayan, muxtar respublika ilə tanış olan, bura qonaq gələn hər kəs oranın strateji əhəmiyyətinin nə olduğunu bilir. Əbülfəz bəy də "Soyuğ"un strateji əhəmiyyətinin nə olduğunu çox yaxşı bilirdi. Ora Azərbaycan ərazisidir. Amma Zəngəzur əldən gedəndən sonra buranı ermənilərə vermişdilər. Ötən əsrin iyirminci illərindən - sovet işğalından sonra "Soyuğ"u xəritədə Ermənistan ərazisi kimi göstərməyə başladılar. Biz sovet dövrünün xəritəsindəki Ermənistan ərazisini tutmuşuq. Amma şübhəsiz ki, bura tarixi Azərbaycan ərazisidir.
O vaxt Əbülfəz bəy tərəfindən yeni sərəncamın verilməsinə hazırlıq görülürdü. Bununla bağlı mənə zəng etdikdə imtina etdim. Dedim ki, ümumiyyətlə, Qarabağ azad olmayınca, özümü Milli Qəhrəman saymaram, qəhrəman elan olunmağımı, bu ada layiq görülməyimi istəmərəm. Hər halda bu, mənim özümə aiddir, başqalarına yox. İnşaallah, son döyüşdən sonra buna baxarıq.
Mənbə: Anar Tağıyev/Gündəlik Bakı qəzeti
https://maraqli.org/soyuq-daginda-bas-verenler/
|